"Bu faciə uzun illərin siyasi, etnik və geosiyasi ziddiyyətlərin nəticəsi idi"

14:38 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı siyasi aqressiya, düşünülmüş terror və soyqırımı aktına məruz qalıb”

"Xocalı faciəsi yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən, etnik təmizləmə siyasətinin tərkib hissəsi olan ağır humanitar cinayət kimi tarixə düşüb. Bu hadisə siyasi aqressiya, düşünülmüş terror və soyqırımı aktı kimi qiymətləndirilir. Faciə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, mülki əhaliyə qarşı zorakılıq, qadınların, uşaqların və yaşlıların amansızcasına qətlə yetirilməsi ilə müşayiət olunub. Qaçan insanlara atəş açılması, heç bir hərbi zərurət olmadan mülki şəxslərin hədəfə alınması müharibə cinayətlərinin bariz nümunəsi kimi dəyərləndirilir”.

Bunu Hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynli Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı açıqlamasında bildirib. O, faktlara əsaslanaraq vurğulayıb ki, bu vəhşiliklərin törədilməsində erməni silahlı birləşmələri ilə yanaşı, həmin dövrdə regionda yerləşən keçmiş sovet ordusunun bölmələrinin iştirakı və dəstəyi də xüsusi qeyd olunur. Ekspert qeyd edib ki, mülki əhalini hərbi hədəfə çevirən vandal yanaşma planlaşdırılmış hərbi əməliyyat çərçivəsində həyata keçirilib və bəşəriyyət üçün ağır ləkəyə çevrilən bir faciə ilə nəticələnib.

R.Hüseynov həmin dövrdə beynəlxalq ictimaiyyət tərəfindən təsirli müdaxilənin edilməməsini, aqressiyanın qarşısının alınması üçün real addımların atılmamasını təəssüf doğuran məqamlardan biri kimi qiymətləndirib:

“Bu, beynəlxalq hüququn və qəbul edilmiş humanitar prinsiplərin selektiv tətbiqi kimi dəyərləndirilir. Millətçilik və etnik düşmənçiliyin qızışdırılması, Qarabağ münaqişəsinin başlanması üçün yaradılan siyasi zəmin, problemin dinc yolla həll imkanlarının məqsədli şəkildə zəiflədilməsi regionda uzunmüddətli qarşıdurmanın əsasını qoydu. Tarixi kontekstdə isə 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində Cənubi Qafqazın çar Rusiyasının nəzarətinə keçməsi, sonrakı dövrlərdə həyata keçirilən demoqrafik dəyişikliklər və köçürmə siyasəti regionda etnik balansın pozulmasına, gələcək gərginliklərin formalaşmasına zəmin yaratdı. 1920-1923-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması isə sovet hakimiyyəti dövründə qəbul edilən inzibati qərar kimi münaqişənin dərinləşməsində rol oynayan amillərdən biri oldu”.

R.Hüseynli əlavə edib ki, Xocalı faciəsi Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri olsa da, bu hadisə təkcə bir epizod deyil, uzun illər boyu yığılan siyasi, etnik və geosiyasi ziddiyyətlərin nəticəsi idi.

“2020-ci ildə Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə apardığı hərbi əməliyyatlar nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olundu və regionda yeni siyasi reallıq formalaşdı. Bununla da uzun illər davam edən ədalətsizliyə son qoyulduğu bildirildi və yeni mərhələnin əsası qoyuldu. Xocalı cəlladları sonadək cəzalarını almalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilən insanların əziz xatirəsi ehtiramla yad olunur”, – deyə R. Hüseynli bildirib.

Tahirə Qafarlı